Quliyev Şəhriyar və Cavad qardaşları Böyük Zəfərimizin əldə edilməsində xidməti olan hərbçilərdir. Böyük qardaş olan Şəhriyar 1996-cı ilin iyulun 12-də, kiçik qardaş Cavad isə 1998-ci il noyabrın 24-də Bakı şəhərində anadan olublar. Xocalı rayon Kosalar kənd sakinləridir. Şəhriyar ADAU-nun İqtisadiyyat fakültəsini bitirib. Cavad isə kollecdə kompyuter ustalığı təhsili alıb. Hər iki qardaş aprel ayından müddətdən artıq həqiqi hərbi xidmətə yollanıb. Ailədə iki qardaş olan bu igidlər hərb peşəsini sevərək seçiblər. Qardaşların ikisi də artilleriya bölməsində baş tuşlayıcıdır. Talış və Suqovuşan kəndlərinin, həmçinin bir neçə yüksəkliklərin alınmasında hərbçi qardaşlar igidliklə döyüşüblər. Döyüşçü qardaşların atası Feruz Quliyev I Qarabağ müharibəsi iştirakçısıdır. Hal-hazırda Xocalı şəhər 4 saylı tam orta məktəbdə Çağırışaqədərki hazırlıq fənnini tədris edir. Onun dərs dediyi şagirdlər yüksək vətənpərvərlik ruhunda tərbiyə alır. Şübhəsiz ki, vətənpərvər qardaşların hərb peşəsini seçmələri Feruz müəllimin övladlarına aşıladığı Vətən sevgisindən irəli gəlir. Fədakar ata övladlarının hərbi qulluqçu olması ilə fəxr və qürur hissi duyur. Feruz müəllim 44 günlük Vətən Müharibəsində fədakar ata kimi arxa cəbhədə dayandı. Ata duası və əsgər övladlarına, onların yoldaşlarına olan sovqatı böyük mənəvi dayaq oldu. Vətənin keşiyinə qorxmaz, bacarıqlı iki hərbçi oğul böyüdüb göndərən Şəhriyar və Cavadın ata və anasına minnətdarlıq edirik. Böyük Zəfərdə igid oğullarımız qədər, onları sağlam, vətənpərvər böyüdən valideynlərin də əməyi vardır.